10.01.2019

Təhsilalanların biliklərinin yeni qaydalarla qiymətləndirilməsi 

             09.01.2019-ci il tarixdə Goranboy Rayon Təhsil Şöbəsində direktorların iştirakı ilə şura iclası keçırilıb. İclas Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov tərəfindən idarə olunub.  İclas 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının  qərarı ilə təsdiq edilmiş  “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydalarına həsr olunub. Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov diaqnostik, formativ və summativ qiymətləndirmənin aparilmasının yeni qaydaları barədə iclas iştirakçılarına geniş məlumat verib.  Diaqnostik qiymətləndirmənin dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi, formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsədilməsinə yönəlmiş fəaliyyətini izləmək, summativ qiymətləndirmə isə hər bir fənn üzrə təhsil proqramında müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılması şura iclasının iştirakçılarının nəzərinə çatdırılıb. Summativ qiymətləndirmənin formalarının hansı siniflərdə aparılacağı, təhsilalanın summativ qiymətləndirmədə topladığı balların 2.3,4,5 qiymətlərinə uyğunluğu, yarımillik və illik qiymətləndirilmənin hesablanması qaydaları məktəb direktorlarına açıqlanıb və məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.