09.11.2018

9 noyabr-"Bayraq Günü "dür.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.  Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır.  Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.  Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Goranboy rayon ictimaiyyəti də “Bayraq Günü”nü təntənəli şəkildə qeyd edib.Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, rayonun idarə və təşkilatlarının rəhbərləri, təhsil işçıləri iştirak ediblər. Tədbirdə “Bayraq” müzeyinə baş çəkilib, qədim dövrlərdən bəri türk dövlətlərinin bayraqları ilə yaxından tanış olunub. Tədbirdə İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev çıxış edərək rayon ictimaiyyətini və bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edib. Sonra məktəb şagirdlərinin bayrağımız haqqında söylədikləri şeirlər və gözəl musiqi kompazisiyası dinlənilib.


Açar sözlər: ,  ,