10.09.2018

Goranboy müəllimlərinin konfransı

         07.09.2018-ci il tarixdə Goranboy rayonu Heydər Əliyev Mərkəzində Goranboy müəllimlərinin  ənənəvi sentyabr konfransı keçırilib. Konfransda Təhsil Nazirliyinin məsul əməkdaşı, respublikanın əməkdar müəllimi Əhliyyət Adıgözəlov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, təhsildə nailiyyətlər əldə etmiş müəllimlər və şagirdlər iştirak edib. Konfransı giriş sözü ilə Goranboy rayon Təhsil şöbəsinin müdiri Səxavət Məmmədov açıb və geniş məruzə ilə çıxış edib. Natiqin  çıxışında son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində milli təhsilimizin məzmun və formaca yeni inkişaf səviyyəsinə yüksəlməsi, dövlətimizin başçısının qeyd etdiyi kimi “Bütün işlər məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır”–möhtərəm prezidentin bu aydın mövqeyi Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərti kimi dəyərləndirilib, 2017-2018-ci tədris ilinin yekunları, yeni dərs ilində qarşıda duran vəzifələr və yol verilən nöqsanlar qeyd edilib.

         Hörmətli Millət vəkili Ağalar Vəliyevin və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyevin təhsilə olan diqqət və qayğısı nəticəsində 2017/2018-ci tədris ilinin sonunda rayonun ümumi təhsil müəssisələrindən 235 nəfər əlaçı şagirdin hər birinə 100 manat məbləgində pul mükafatının, 6 sentyabr 2018-ci il tarixdə 600-700 intervalında bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlara 500 manat, 500-600 intervalında bal toplamış məzunlara 200 manat məbləğində pul və qiymətli hədiyyələr təqdim edilməsi, 700 bal toplayan Səfikürd kənd tam orta məktəbin məzunu Məhəmmədli Kənan Nizaməddin oğluna  millət vəkili Ağalar Vəliyev tərəfindən 10000 manat məbləğində pul mükafatının  verilməsi təhsilə diqqət və qayğının nəticəsi olduğu qeyd olunub.

         Natiq 2018-2019-cu tədris ilində qarşıda duran  vəzifələr, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri“ barədə 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi və onların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini hədəf olaraq qeyd edib.

         Konfransda İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Təhsil Nazirliyinin rəsmisi hörmətli Əhliyyət Adıgözəlov çıxış edərək  təhsil sahəsində həyata keçirilən dövlət siyasətindən, cəmiyyətin inkişafında təhsilin rolundan danışaraq müəllim və şagird kollektivini yeni dərs ili münasibəti ilə təbrik ediblər.

         Konfransda 5 müəllim yeni nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı, Məşədiqaralar kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini, riyaziyyat müəllimi Sahib Süleymanov “X siniflərdə yeni təlim metodlarının tətbiqi təcrübəsi” mövzusunda pedaqoji mühazirəsinə görə Təhsil Nazirliyi tərəfindən tərifnamə ilə təltif olunması qeyd olunub.

          Konfrans öz işini  konfrans iştirakçılarının Respublika Prezidentinə müraciəti ilə bitirib.