23.02.2018

Əsrin faciəsi

                 Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücuma keçmiş, şəhər dörd tərəfdən erməni silahlı dəstələri  tərəfindən əhatə olunmuş, artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşə tutulmuşdur. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmış, hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı faciəsi barədə xüsusi Fərman vermiş, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral «Xocalı soyqırımı və milli matəm günü» elan olunmuşdur.

                Xocalı faciəsi Goranboy Rayon Təhsil Şöbəsində də  matəm günü kimi qeyd olundu. Mərasim  təhsil şöbəsinin müdiri Səxavət Məmmədovun “ Xocalı faciəsi “, erməni işğalçılarının insanlığa yaraşmayan vəhşilikləri haqqında nitqi ilə başlandı. Mərasimdə rayon icra hakimiyyətinin müavini Mirvari Ağamalıyeva da iştirak edirdi. Mərasimdə çıxışlar olundu, şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi.