12.10.2017

Goranboy Rayon İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın yekunlarına aid doqquz ayın hesabatı keçirilib

        Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Bununla bağlı 12 oktyabr tarixdə Goranboy Rayon İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın yekunlarına dair içlas keçırildi. İclası rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev açdı. İclasda rayon  təhsil şöbəsinin müdiri Səxavət Məmmədov hesabat verdi. Natiq bildirdi ki, təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması son illər Goranboy rayonunda da uğurla həyata keçirilmişdir.

        Məlumat üçün bildirirəm ki, rayon üzrə 2016/2017-ci dərs ilində 58 tam orta, 10 ümumi orta, 10 ibtidai məktəb, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir.2016/2017-ci tədris ilində rayon üzrə şagirdlərin sayı 15568 nəfər olmuşdur.

        Son dörd ildə şagird kontingentinin sayında əhəmiyyətli dərəcədə dəyişiklik olmuş, xüsusilə birinci siniflərə qəbul nəzərə çarpacaq dərəcədə artmışdır.

Belə ki, 2014-cü ildə birinci siniflərə qəbul göstəricisi 1494 nəfər təşkil edirdisə bu il birinci siniflərə 1710 uşaq qəbul olunmuşdur.

Strategiyada təhsilin keyfiyyətinin başlıca prioritet elan olunduğu nəzərə alınaraq 2017/2018-ci dərs ili “Ümumi təhsildə ketfiyyət ili” elan edilib. İlin nəticələrinin təhlili əsasında təhsil müəssisələri üçün keyfiyyət meyarlarının işlənməsi, bu meyarlara uyğun olaraq ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin aşkara çıxarılması sahəsində tədbirlər həyata keçiriləcək. 

Respublikanın müxtəlif şəhər və rayonlarında 2016/2017-ci dərs ilində Azərbaycan Respublikası Təhsil Nazirinin 24 may 2016-cı il tarixli 351 nömrəli əmri ilə  tam orta təhsil səviyyəsində təmayülləşmə başlamış və uğurla davam etdirilir.

        Belə ki, rayonumuzda 2016/2017-ci tədris ilində səhər 1 nömrəli məktəbdə texniki sahədə, şəhər 2 nömrəli məktəbdə isə humanitar sahədə təmayül sinifləri yaradılmışdır. 2017/2018-ci tədris ilində isə təmayülləşmə genişləndirilərək rayonun Dəliməmmədli şəhər tam orta , Qızılhacılı qəsəbə 1 nömrəli tam orta, Xanqərvənd kənd tam orta və Səfikürd kənd tam orta məktəbində təmayül sinifləri yaradılmışdır. Bununla da təmayül siniflərin sayı 6-ya çatdırılmışdır ki, bu da 10-cu sinifdə təhsil alan şagirdlərin 13 faizini təşkil edir.